Rektor Əhməd Vəliyev: “Odlar Yurdu Kolleci ailəsinə xoş gəlmisiniz!”
Kollec ·

Əziz gənclər!
Hər birinizi Odlar Yurdu Kollecinin tələbəsi adını qazanmağınız münasibətilə bütün kollec kollektivi adından ürəkdən təbrik edirəm. Odlar Yurdu Kolleci ailəsinə xoş gəlmisiniz! Sizi kollecimizin tələbələr sıralarında görməkdən böyük məmnunluq duyuruq.
Siz, Azərbaycanın gələcəyi olan gənclər, Odlar Yurdu Kollecini seçməklə yalnız tələbə adını qazanmadınız, eyni zamanda qarşınızda yeni biliklər, böyük imkanlar və inkişafla zəngin bir həyat mərhələsi açdınız.
Gənclərin bilikli, peşəkar və vətənpərvər ruhda yetişməsi cəmiyyətin gələcək inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi:
“Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir.”
Odlar Yurdu Kolleci yarandığı gündən etibarən müasir təhsil prinsiplərinə, yüksək akademik göstəricilərə və beynəlxalq əməkdaşlığa xüsusi önəm verərək gənclərin peşəkar mütəxəssis kimi yetişdirilməsinə xidmət edir. Əsas məqsədimiz sizin seçdiyiniz ixtisas üzrə dərin biliklərə yiyələnməyiniz, müasir əmək bazarının tələblərinə cavab verən peşəkar kimi formalaşmağınız və gələcəkdə ölkəmizin inkişafına öz töhfənizi verməyinizdir.
Kollecimizdə tədris prosesi yalnız nəzəri biliklərin mənimsənilməsi ilə məhdudlaşmır. Tələbələrimizin praktiki bacarıqlarının inkişafına, elmi-tədqiqat fəaliyyətinə, innovativ layihələrə və beynəlxalq təcrübəyə çıxış imkanlarına xüsusi diqqət yetirilir. Əminəm ki, burada qazandığınız bilik və təcrübə gələcək karyeranız üçün möhkəm təməl olacaq.
Əziz tələbələr, qarşıdakı illərdə qarşınıza müxtəlif imkanlar və yeni çağırışlar çıxacaq. Bu yolda sizdən əzmkarlıq, məsuliyyət, daim öyrənmək və öz üzərinizdə çalışmaq tələb olunacaq. Unutmayın ki, kollec illəri yalnız diplom qazanmaq deyil, həm də şəxsiyyət kimi formalaşmaq, yeni dostluqlar qurmaq, öz potensialınızı kəşf etmək və gələcəyinizi müəyyənləşdirmək üçün mühüm bir mərhələdir.
Hər birinizi bir daha təbrik edir, yeni təhsil həyatınızda bol uğurlar, yüksək nailiyyətlər və unudulmaz tələbəlik illəri arzulayıram!
Əmin olun ki, Odlar Yurdu Kollecində sizə bilik və bacarıqlarınızı inkişaf etdirmək, arzularınızı reallaşdırmaq və gələcəyə inamla addımlamaq üçün hər cür imkan yaradılacaq.
Odlar Yurdu Kolleci ailəsinə xoş gəlmisiniz!
Odlar Yurdu Universitetinin rektoru,
professor Əhməd Vəliyev


