Əsas məzmuna keç

Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Kollec ·

Odlar Yurdu Universitetində (OYU) Elmi Şuranın növbəti – 3 saylı iclası keçirilib. İclasda rəhbərlik, Elmi Şura üzvləri və kafedra müdirləri iştirak ediblər. İclasın gündəliyinə uyğun olaraq, ilk olaraq Elmi Şura tərkibinin dəyişməsi və universitetin struktur dəyişikliyi ilə bağlı məsələlər nəzərdən keçirilib. Eyni zamanda, təhsil göstəriciləri, ictimai-siyasi fəaliyyəti və nizam-intizamı ilə fərqlənən tələbənin Heydər Əliyev Təqaüdü ilə təltif olunması haqqında Əsasnamə Elmi Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Tədbirdə Tədris işləri üzrə prorektor, dosent Qabil Qafarov universitetin nizam-intizam qaydaları, tələbələrin dərsə davamiyyəti, habelə tələbələrin və universitet əməkdaşlarının vəsiqələrdən istifadəsi məsələləri barədə geniş məlumat verib.

Elmi işlər və keyfiyyətin təminatı üzrə prorektor, professor Fəxrəddin Məmmədov universitetin 5 illik elmi-tədqiqat planının hazırlanması gedişatını diqqətə çatdırıb, doktorantura və magistraturada dissertasiya mövzularının elmin aktual problemlərinə həsr olunmasının təmin edilməsi istiqamətində görülən işləri vurğulayıb.

İclasda "Filologiya və humanitar fənlər" kafedrası və "Xarici dillər" kafedrasının birgə əməkdaşlığı ilə ərsəyə gələn "Filologiyaya müasir yanaşmalar: nəzəriyyə və praktika" (ingilis dilində) adlı beynəlxalq jurnalın təqdimatı keçirilib.

Daha sonra Strateji inkişaf, karyera və məzunlarla iş üzrə prorektor, professor Elşad Məmmədov Odlar Yurdu Universitetinin məzunlarının son 5 il üzrə məşğulluq göstəricilərinin təhlilini Şura üzvlərinin diqqətinə çatdırıb. Keyfiyyət təminatı və Akkreditasiya departamentinin rəhbərliyi tərəfindən isə elektron jurnala keçidlə bağlı məsələlər müzakirə olunub.

İclasın sonunda "Xarici dillər" kafedrasının müəllimi, f.f.d. Səbinə Əsgər qızı Zeynalovanın "Working on Literary Texts: a practical and theoretical guide to literary reading and analysis" adlı dərs vəsaiti müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti:

(+994 55) 465 85 27

Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilib: şəkil 1
1 / 12

Digər xəbərlər

Hamısı