Əsas məzmuna keç

OYU -da 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Zəfərə aparan uğurlu yol” mövzusunda konfrans keçirilib

Kollec ·

Odlar Yurdu Universitetinin Akt zalında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Zəfərə aparan uğurlu yol” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfrans iştirakçıları Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra 27 sentyabr 2020-ci il tarixindən başlayan 44 günlük Vətən müharibəsini və Azərbaycanın Zəfər yolunu əks etdirən videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyev Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsinin Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ olduğunu, qazanılan Qələbənin gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Professor Samir Vəliyev çıxışında bildirib ki, Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi peşəkarlıq, əzmkarlıq və qəhrəmanlıq müasir hərb tarixində özünəməxsus yer tutur. O, mürəkkəb relyefə malik ərazilərin işğaldan azad edilməsinin Azərbaycan əsgərinin Vətənə və torpağa bağlılığının, yüksək döyüş ruhunun göstəricisi olduğunu qeyd edib. İdarəetmə Şurasının sədri şəhidlərin xatirəsinin hər zaman əziz tutulduğunu və şəhid ailələrinə göstərilən diqqətin mühüm mənəvi dəyər daşıdığını diqqətə çatdırıb. O, gənc nəslin milli qəhrəmanlarımızın həyat və mübarizə yolunu öyrənməsinin, onların nümunəsində formalaşmasının vacibliyini vurğulayıb. Professor Samir Vəliyev çıxışının sonunda şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib və Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.

Konfransın ikinci hissəsində mövzu ilə bağlı tələbə və gənc tədqiqatçıların məruzələri dinlənilib.

İqtisadiyyat ixtisasının 566-cı qrup tələbəsi Səbuhə Tabiyeva“Heydər Əliyev siyasəti və zəfərə aparan yol” mövzusunda çıxış edib. Məruzədə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti, ordu quruculuğu və Azərbaycanın inkişaf strategiyasının Vətən müharibəsində əldə olunan Zəfərə aparan yolun mühüm mərhələlərindən biri kimi rolu qeyd olunub.

Səbuhi Tabiyev çıxışında bildirib:

“Müasir Azərbaycan tarixinin ən şanlı səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müstəsna uzaqgörənliyi və idarəçilik ustalığı sayəsində ölkəmiz xaosdan çıxaraq inkişaf yoluna qədəm qoymuş, nizami ordu quruculuğunun əsası qoyulmuşdur. Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər məhz ulu öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir.”

Məktəbəqədər təhsil ixtisasının 614-cü qrup tələbəsi Fidan Allahverdiyeva “27 Sentyabr – Anım Gününün gənc nəslin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda məruzə ilə çıxış edib. O, Anım Gününün gənc nəslin milli yaddaşının formalaşmasında, vətənpərvərlik və Vətən qarşısında məsuliyyət hissinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Fidan Allahverdiyeva çıxışında qeyd edib:

“Vətənpərvərlik yalnız ‘Vətənimi sevirəm’ demək deyil, öz ölkəsinin tarixinə, torpağına və gələcəyinə qarşı məsuliyyət hiss etməkdir. Anım Gününün gənclər üçün əsl mənası bu hissi məsuliyyətə çevirməkdir. Şəhidlərimizin qoruduğu torpaqda bilik, savad və zəhmətimizlə cəmiyyətə faydalı olmaq hər birimizin mənəvi borcudur.”

İnformasiya texnologiyaları ixtisasının tələbəsi Nihad Nağıyev “Vətən müharibəsində şəhidlik zirvəsi: milli yaddaş və qəhrəmanlıq anlayışı” mövzusunda çıxış edib. Məruzədə şəhidlik anlayışının milli yaddaşımızdakı yeri, qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılması və gənclərin Zəfərdən sonrakı dövrdə üzərinə düşən məsuliyyət məsələləri diqqətə çatdırılıb.

Nihad Nağıyev bildirib:

“Şəhidlik Vətənə göstərilən ən yüksək sədaqət nümunəsidir. Biz tələbələrin əsas vəzifəsi bu tarixi yaddaşı qoruyub gələcək nəsillərə düzgün çatdırmaqdır. Zəfərdən sonrakı gələcək də ən az Zəfərin özü qədər əhəmiyyətlidir. Şəhidlərimizin xatirəsinə ən böyük ehtiramımızı təkcə sözlərlə deyil, gördüyümüz işə məsuliyyətlə yanaşaraq əməllərimizlə göstərməliyik.”

Tələbə Elmi Cəmiyyətinin sədri, İnformasiya texnologiyalarının idarə edilməsi ixtisasının magistrantı Ayna Məmmədova “Torpaq uğrunda can, Vətən naminə zəfər” mövzusunda məruzə ilə çıxış edib. Ayna Məmmədova çıxışında 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında həm hüzn, həm də qürur hissi ilə yadda qalan mühüm tarix olduğunu vurğulayıb.

“27 Sentyabr – Anım Günü bizim üçün həm kədər, həm də sonsuz qürur tarixidir. Qazandığımız Şanlı Zəfərin arxasında ordumuzun gücü ilə yanaşı, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi dayanır. Öz sabahlarından keçib bizim sabahımızı yazan şəhidlərimizin əziz xatirəsini qəlbimizdə yaşatmaq və onların bizə əmanət etdiyi Qələbəyə sahib çıxmaq hər birimizin müqəddəs borcudur.”

Konfransda səsləndirilən məruzələrdə ümumilikdə şəhidlərin əziz xatirəsinin qorunması, milli yaddaşın gələcək nəsillərə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsində qazanılmış Zəfərin tarixi əhəmiyyətinin öyrənilməsi və gənclərin ölkənin gələcək inkişafında fəal iştirakının vacibliyi əsas istiqamətlər kimi diqqətə çatdırılıb. Konfransın sonunda Odlar Yurdu Universitetinin tələbələri Rəhilə Dadaşova və Nihat Xəlilovun ifasında “Qələbə günüdür! Zəfər günüdür!” adlı mənəvi-vətənpərvərlik ruhunda musiqi nömrəsi təqdim olunub.

OYU -da 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Zəfərə aparan uğurlu yol” mövzusunda konfrans keçirilib: şəkil 1
1 / 8

Digər xəbərlər

Hamısı