Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecində 2026-cı il Məzun Günü qeyd olundu
Kollec ·

17 iyun 2026-cı il tarixində Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin Məzun Günü təntənəli şəkildə qeyd olunub.
Universitetin həyətində keçirilən tədbirdə rəhbərlik, professor-müəllim heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin və Odlar Yurdu Universitetinin Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbir çərçivəsində universitetin ictimai və təhsil həyatında fərqlənən Ekologiya ixtisasının məzunu Aysun Quliyeva məzun andını səsləndirib. Daha sonra Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev çıxış edərək məzunları təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə universitetin İdarəetmə Şurasının sədri, millət vəkili professor Samir Vəliyev, eləcə də universitet rəhbərliyi tərəfindən təhsildə və ictimai fəaliyyətdə fərqlənən tələbələr fəxri fərmanlarla təltif olunublar.
Mərasimdə bakalavr məzunları adından Məktəbəqədər təhsil ixtisasının məzunu, Tələbə Gənclər Təşkilatının sədr müavini Nuray Bəylərova, magistr məzunları adından Təhsil, Turizm, Səhiyyə və Ümumi menecment ixtisasının magistrantı Xanım Piriyeva, Odlar Yurdu Kollecinin məzunları adından isə Bələdiyyə işi ixtisasının tələbəsi Təranə Bəşirova çıxış edərək məzunların duyğularını bölüşüblər.
Tədbir zamanı universitet və kollecdə yüksək akademik göstəriciləri, ictimai fəallığı və uğurları ilə seçilən tələbələr müxtəlif nominasiyalar üzrə fəxri fərmanlarla mükafatlandırılıblar.
Valideynlər adından Muğan Quliyev çıxış edərək övladlarının yetişməsində əməyi olan müəllimlərə və universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Məzun Gününün ən yaddaqalan anlarından biri ənənəvi papaq atma mərasimi olub. Böyük sevinc və qürur hissi ilə keçirilən bu mərasim məzunların tələbəlik həyatına simvolik vida etməsi ilə yadda qalıb.
Təntənəli hissənin ardından məzun gecəsi bədii proqramla davam edib.
Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci bütün məzunları təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27


