“Dövlət Suverenliyi Günü”nə həsr olunmuş konfrans keçirilib
Kollec ·

Odlar Yurdu Universitetində 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə “Suverenliyimiz milli qürurumuzdur” mövzusunda konfrans keçirilib.
Tədbir İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan olunmuş “Sülh Aylığı” (21 avqust – 21 sentyabr) çərçivəsində təşkil olunub. Konfransın əsas məqsədi gənclər arasında sülh, insan hüquqları, milli həmrəylik və dövlətçilik dəyərlərinin təbliği, dövlət suverenliyinin əhəmiyyəti barədə məlumatlılığın artırılması olub. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin, o cümlədən Antiterror əməliyyatı zamanı həyatını itirən polis zabitlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Azərbaycanın dövlət suverenliyinin bərpasından bəhs edən qısa sənədli film nümayiş olunub.
Konfransda Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev çıxış edib. O, çıxışında Azərbaycanın dövlət suverenliyinin bərpasının tarixi və siyasi əhəmiyyətindən, dövlətçilik ənənələrinin qorunmasının vacibliyindən və gənclərin milli dəyərlərə bağlılığının əhəmiyyətindən danışıb.
90-cı illərin əvvəllərindən başlayan bu proses – daha dəqiq desək, 1988-ci ildən etibarən SSRİ imperiyasının süqutu ilə nəticələnən hadisələr fonunda Azərbaycan xalqı şəhidlərinin qanı və canı bahasına öz müstəqilliyini elan etdi. Lakin həmin dövrdə bütün ərazilərimiz üzərində ali hakimiyyət tam şəkildə bərqərar olunmamışdı. Çünki o zamankı səriştəsiz rəhbərliyin siyasəti nəticəsində Azərbaycanın dilbər guşələrinin bir-birinin ardınca itirilməsinin şahidi olduq.
İllər ərzində istər böyük dövlətlərlə ikitərəfli danışıqlarda, istərsə də ATƏT-in Minsk Qrupu çərçivəsində torpaqlarımızın azad edilməsi və işğalçılıq siyasətinə son qoyulması məsələsi prioritet istiqamət kimi müəyyənləşdirilmişdi. Lakin bu gün şahidi oluruq ki, Azərbaycana münasibətdə daim ikili standartlar tətbiq olunub.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistanın törətdiyi təxribatlara cavab olaraq əks-hücum əməliyyatı başladı. 44 gün ərzində Azərbaycan əsgəri öz şücaəti və qəhrəmanlığı ilə döyüş meydanında geri addım atmadan doğma torpaqlarımızı azad etdi. Lakin bu, hələ suverenliyimizin tam bərqərar olunması demək deyildi. Çünki bir sıra şəhər və kəndlərimizdə separatçı qüvvələr fəaliyyətlərini davam etdirirdilər. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu bayrağımızı bütün ərazilərimizdə dalğalandırdı və suverenliyimizi tam bərpa etdi.
Son 200 illik tariximizə nəzər salsaq, bu gün Azərbaycanın həm siyasi, həm də iqtisadi gücü deməyə əsas verir ki, tariximizdə heç vaxt bu qədər qüdrətli Azərbaycan olmayıb. Müstəqilliyimizin ilk illərində hökm sürən xaotik idarəetmə və pərakəndəlik ölkəni fəlakət həddinə sürükləmişdi. Ümummilli Lider Heydər Əliyevin Vətən sevgisi və siyasi dühası ölkəni bu vəziyyətdən çıxardı. Cənab Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Bu gün Azərbaycan xalqı öz torpaqlarına tam sahib çıxıb. Biz özümüzə məxsus olanı bərpa etmişik və bununla qürur duyuruq. Suverenliyimizi göz bəbəyimiz kimi qorumalıyıq. Bu gün ən böyük bayramımız olan suverenliyi gənclərimiz daim hər şeydən uca tutmalı, onun qorunmasını özlərinin ən müqəddəs vəzifələrindən biri hesab etməlidirlər.
Konfransın davamında Odlar Yurdu Universitetinin tələbələri tərəfindən dövlət suverenliyi, milli kimlik, milli təhlükəsizlik və Qarabağın ekoloji vəziyyəti ilə bağlı məruzələr təqdim olunub.
Ceyla Rostəmi Niri “Dövlət suverenliyi və milli kimlik: Azərbaycan gənclərinin dövlətçilik şüurunun formalaşması” mövzusunda çıxış edib.
Aysun Əhmədova “Antiterror əməliyyatından öncə Qarabağdakı ekoloji vəziyyət” mövzusunda məruzə təqdim edib.
Adil Şiriyev “Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpası: tarixi-siyasi mərhələlər və hüquqi əsaslar” mövzusunda çıxış edib.
Nigar İsmayılova isə “Azərbaycanın dövlət suverenliyinin təmin edilməsində milli təhlükəsizlik siyasətinin rolu” mövzusunda təqdimatla çıxış edib.
Tədbirin bədii hissəsində Odlar Yurdu Kollecinin tələbəsi Xanım Hüseynova və Odlar Yurdu Universitetinin tələbəsi Səməd Muradov tərəfindən “Vətən” mahnısı ifa olunub. Konfrans tələbələrin dövlətçilik və suverenlik mövzularında fikir və araşdırmalarını təqdim etmələri, milli dəyərlərin və vətəndaşlıq mövqeyinin gənclər arasında təşviqi baxımından əhəmiyyət daşıyıb.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27


